REGİONLAR
İsmayıllıda leysanla müşayiət olunan güclü külək bir sıra fəsadlar törədib
İsmayıllı, 22 may, AZƏRTAC
Mayın 21-də İsmayıllıda axşam saatlarından başlayan leysan və dolu ilə müşayiət olunan güclü külək bir sıra fəsadlar törədib.
Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a bildiriblər ki, güclü külək şəhərin elektrik, rabitə və qaz təsərrüfatına ciddi ziyan vurub. Belə ki, çoxillik ağacların elektrik xətlərinin üzərinə aşması nəticəsində 20-dən çox yerdə 10 kilovoltluq, 10 yerdə isə 0.4 kilovoltluq hava xətləri sıradan çıxıb. Güclü külək kənd təsərrüfatına və əkin sahələrinə də xeyli zərər vurub.
Təbiət hadisəsi nəticəsində aşan ağaclar, habelə güclü külək İsmayıllı şəhər 6 saylı tam orta məktəbinin, şəhər bələdiyyəsinin, 8 ümumi yaşayış binasının və 10-a yaxın sahibkarlıq obyektinin dam örtüyünü sıradan çıxarıb. Bir avtomobilin üzərinə ağac aşıb.
Təbii fəlakətin vurduğu ziyanla bağlı rayon Fövqəladə Hallar Komissiyasına 30-dan çox sakin müraciət edib.
Mayın 22-də səhər tezdən yaradılan xüsusi komissiya dəymiş zərərin tam müəyyənləşdirilməsi və aradan qaldırılması istiqamətində tədbirlərə başlayıb.