REGİONLAR
İsmayıllıda oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi yad olunub
İsmayıllı, 27 aprel, AZƏRTAC
İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Heydər Əliyev İdarəetmə Məktəbi”nin aprelin 27-də keçirilən növbəti məşğələsi oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən məşğələ akademik Zərifə Əliyevaya həsr olunan filmin nümayişi ilə başlanıb. Sonra rayon mərkəzi xəstəxanası baş həkiminin müavini İsrafil İsmayılov Zərifə xanımın keçdiyi həyat yolu, elmi və ictimai fəaliyyəti ilə bağlı məruzə edib. Məruzəçi Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik Zərifə Əliyevanın dünya oftamologiya elminə mühüm töhfələr verdiyini, elmi kadrların yetişməsində böyük xidmətlər göstərdiyini diqqətə çatdırıb.
Məşğələdə YAP rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova, İvanovka kənd tam orta məktəbinin tarix müəllimi Anastasiya Jabina, pediatr həkim Məhruzə Hüseynova çıxış edərək Zərifə Əliyevanın mənalı və şərəfli həyat yolundan, elmi-pedaqoji və ictimai fəaliyyətindən, oftalmologiya sahəsində peşəkarların hazırlanmasında müstəsna xidmətlərindən bəhs ediblər.
Məşğələyə yekun vuran rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin təşkilatçılarından biri kimi fitri istedada malik nadir şəxsiyyət olduğunu vurğulayıb.