REGİONLAR
İsmayıllıda rayon Gənclər və İdman İdarəsinin yaradılmasının 20 illiyi qeyd olunub
İsmayıllı, 28 aprel, AZƏRTAC
İsmayıllıda rayon Gənclər və İdman İdarəsinin yaradılmasının 20-ci ildönümünə həsr edilən “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, habelə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova 20 ildə idarənin İsmayıllının sosial-iqtisadi, ictimai-mədəni və idman həyatındakı rolundan, gənclərin ayrı-ayrı sahələrdə qazandıqları uğurlardan, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.
“Dəyirmi masa”da çıxış edən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor əvəzi Sevda Qasımova, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, Uşaq Gənclər Şahmat Məktəbinin direktoru Nadir Hacıyev, İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov, Uşaq Gənclər İdman Məktəbinin direktoru Nəriman Alıyev, məşqiçi-müəllimlər Anar Həsənov və Tuncay Əliyev öz fəaliyyətlərində gənclər və idman idarəsindən daim dəstək aldıqlarını bildirib, idarənin rayon gənclərinin təşkilatlanmasında, müxtəlif tədbirlərin keçirilməsindəki rolundan söz açıblar. Natiqlər İsmayıllı şəhərinin 2015-ci ilin “Gənclər paytaxtı” seçilməsində, Avropa və dünya çempionu olan İsmayıllı idmançısı Tuncay Əliyev kimi gəncin yetişməsində, habelə onlarla gəncin təhsildə qazandığı uğurlarda idarənin məqsədyönlü fəaliyyətini vurğulayıblar.