REGİONLAR
İsmayıllıda təhsil bayramı
İsmayıllı, 3 sentyabr, AZƏRTAC
İsmayıllı rayonunda ötən dərs ilinin uğurlu yekunlarına həsr edilən təhsil bayramı keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində ali məktəblərə daxil olan abituriyentlər, onların müəllimləri, rayon ziyalıları, ictimaiyyətin nümayəndələri və qonaqlar iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, şair Musa Yaqub və Baba Vəziroğlu yüksək balla ali məktəblərə qəbul olan məzunları təbrik edib, ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasından danışıblar.
İsmayıllı rayon təhsil sistemində son illər qazanılan diqqətəlayiq nəticələrdən bəhs edən natiqlər bu uğurları ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı milli təhsil strategiyasının məntiqi nəticəsi kimi dəyərləndiriblər.
Qeyd edək ki, ötən dərs ilində rayon üzrə orta məktəbi 871 nəfər bitirib. Ali məktəblərə sənəd verən 557 nəfərin 311-i tələbə adını qazanıb. Qəbul imtahanlarında 20 nəfər 600-dən, 48 nəfər isə 500-dən yüksək bal toplayıb.
Bayram tədbirində 600-dən çox bal toplayan abituriyentlərə kompyuter dəstləri verilib. Habelə ali məktəblərə qəbul olunan 311 abituriyentin hamısı qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Təhsil bayramı geniş konsert proqramı ilə davam etdirilib.