REGİONLAR


İsmayıllıda təhsil bayramı keçirilib

İsmayıllı, 1 sentyabr, AZƏRTAC 

İsmayıllı şəhər mədəniyyət evində rayon icra hakimiyyətinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ötən dərs ilinin yekunlarına həsr edilən təhsil bayramı keçirilib.

AZƏRTAC xəbər verir ki, təhsil bayramında bu il ali məktəblərə daxil olan abituriyentlər, onların müəllimləri, rayon ziyalıları, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatları Novruzəli Aslanov, Tahir Kərimli, şair Baba Vəziroğlu və başqaları yüksək balla ali məktəblərə qəbul olan məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.

Çıxışlarda ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasından danışılıb. Prezident İlham Əliyevin “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət göstərir” fikri vurğulanıb, İsmayıllı rayon təhsil sistemində son illər qazanılan yüksək nailiyyətlər məhz təhsilə göstərilən diqqətin nəticəsi kimi dəyərləndirilib.

Qeyd edək ki, ötən dərs ilində rayon üzrə 46 tam orta məktəbi 885 şagird bitirib. Ali məktəblərə sənəd verən 500 məzundan 300 nəfərdən çoxu tələbə adını qazanıb. Qəbul imtahanlarında 28 nəfər 600-dən, 74 nəfər 500-dən yüksək bal toplayıb. Bir nəfər - şəhər 5 nömrəli tam orta məktəbin məzunu Ağalətif Lətifov isə 700 bal nəticə göstərib.

Bayram tədbirində yüksək bal toplayan abituriyentlərə hədiyyələr verilib.

Təhsil bayramı rayon mədəniyyət mərkəzinin “Niyal” instrumental ansamblının ifasında geniş konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.