REGİONLAR


İsmayıllıda təhsil işçilərinin ənənəvi konfransı keçirilib

A+ A

İsmayıllı, 9 sentyabr, AZƏRTAC 

Ötən dərs ilində İsmayıllıda tam orta məktəbləri bitirən 520 nəfərə yaxın məzun ali məktəblərə qəbul olunmaq üçün ərizə verib. Onlardan 293 nəfər tələbə adını qazanıb. Şəhər 5 saylı tam orta məktəbin məzunu Ağalətif Lətifov ən yüksək nəticə əldə edərək 700 bal toplayıb. 28 nəfər 600-dən yuxarı, 46 nəfər isə 500-600 arası balla ali məktəblərə qəbul olunub. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri respublika üzrə keçirilən müsabiqələrdə, bilik və idman yarışlarında mükafata layiq yerlər tutublar.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 9-da İsmayıllıda təhsil işçilərinin ənənəvi konfransında məlumat verilib.

İstər rayon təhsil şöbəsinin müdiri Rasim Orucovun hesabat məruzəsində, istərsə də müzakirələrdə son illər qazanılan davamlı uğurlardan, habelə yol verilən nöqsanlardan, yeni dərs ilinə hazırlıq məsələlərindən danışılıb.

Məruzə və çıxışlarda qarşıdakı dərs ilinə hazırlıqla bağlı görülən işlərdən də bəhs olunub. Bildirilib ki, Basqal, Qubaxəlilli, Uştal və Qalacıq məktəblərində əsaslı, digər məktəblərdə cari təmir işləri aparılıb.

Rayon məktəblərinə şagirdlər üçün 46 min 550 sayda dərslik, müəllimlər üçün 3168 ədəd vəsait paylanılıb. Bütün məktəblərdə təxmini dərs bölgüləri aparılıb, ilkin dərs cədvəlləri hazırlanıb.

Konfransda Təhsil Nazirliyinin nümayəndəsi Gülarə Xudiyeva, rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək respublikamızda həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən, Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, yeni dərs ilində qarşıda duran təxirəsalınmaz vəzifələrdən bəhs ediblər.

Sonda “Ən yaxşı məktəb” müsabiqəsinin qaliblərinə sertifikatlar, “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə isə vəsiqələr təqdim olunub. Riyaziyyat müəllimi Dürdanə Babayevaya Təhsil Nazirliyinin fəxri fərmanı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.