REGİONLAR
İsmayıllıda təhsildə gender məsələlərinə həsr olunan seminar keçirilib
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Gender Araşdırmalar Mərkəzi ilə birgə İsmayıllıda “Təhsildə gender məsələləri” mövzusunda regional seminar keçirib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən seminarda 17 rayonun təhsil işçiləri, həmkarlar ittifaqı rayon komitəsinin və gender komissiyalarının və İsmayıllının bir sıra məktəb həmkarlar təşkilatlarının sədrləri iştirak edib.
Təhsil işçiləri azad həmkarlar ittifaqı respublika komitəsinin sədr müavini Şaiq Əsgərov seminarı giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən, təlim-tərbiyə işinə verəcəyi səmərədən danışıb.
Seminarda Gender Araşdırmalar Mərkəzinin direktoru Diana Cəfərova “Regionlarda gender problemləri və onların həlli yolları”, mərkəzin direktor müavini Solmaz Gözəlova “Azərbaycanda gender problemlərinə müasir baxışlar” mövzularında məruzə ediblər.
Məruzələrdə, eləcə də Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin müdiri Məlahət Hacıyeva çıxışında sosial həyatın bütün istiqamətlərində, xüsusilə təhsil sahəsində gender məsələlərinin müvəffəqiyyətli həllinin zəruriliyindən, hüquq bərabərliyinin təmin olunmasında xüsusi əhəmiyyətindən bəhs edib. Çıxış edən digər natiqlər diqqəti regionlarda gender problemlərinə və onların həlli istiqamətində görüləcək vacib işlərə yönəldiblər.
Seminarda çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təhsil sisteminin qarşısında duran həlli vacib problemlərdən, gender bərabərliyinin təmin olunmasının təlimin təşkilinə verəcəyi töhfələrdən danışıb və bu istiqamətdə rayonda həyata keçirilən tədbirləri iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə mövzu ətrafında diskussiya aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.