REGİONLAR


İsmayıllıda turizmin mövcud vəziyyəti və inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib

A+ A

İsmayıllı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də İsmayıllıda “Azərbaycanın şimal-qərb bölgələrində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri”nə həsr olunan regional müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin müvafiq struktur rəhbərləri, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, turizmlə bağlı digər dövlət qurumlarının, rayonların icra hakimiyyətlərinin nümayəndələri, habelə bölgədəki turizm obyektlərinin sahibləri iştirak ediblər.

Əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Heydər Əliyev Mərkəzində keçirilən müşavirəni açan nazir Əbülfəs Qarayev diqqəti Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrə yönəldib. Nazir dövlətimizin başçısının diqqət və qayğısı sayəsində turizm sahəsində aparılan islahatların davamlı xarakter aldığını diqqətə çatdırıb. Vurğulanıb ki, turizmin inkişafı ilə bağlı tədbirlərin ölkə üzrə balanslaşdırılmış şəkildə həyata keçirilməsi, bütün potensialın üzə çıxarılması regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə, habelə Azərbaycanın geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradır.

Ə.Qarayev diqqəti bu ilin doqquz ayında ötən ilin müvafiq dövrünə nisbətən turistlərin sayının 11 faiz artmasına cəlb edərək, vizaların verilməsi prosesinin sadələşdirilməsinin bu sahədə əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, şimal-qərb regionu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının, eləcə də Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisini əhatə edir. Ərazi müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir. Ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və sair turizm növləri üçün geniş potensial var. Şimal-qərb bölgəsi üzrə “Şərab yolu”, “Böyük İpək yolu”, “Aleksandr Düma Qafqazda”, “Polyak izləri” beynəlxalq turizm marşrutları, eləcə də İsmayıllı-Basqal-Lahıc istiqaməti üzrə “Qırxotaq əfsanələri” və “Fit qalası”, Qəbələ-Şəki-Qax istiqaməti üzrə “Qədim Qafqaz Albaniyasının tarixi izləri”, Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə “Azərbaycanda arxeoloji turizm” mədəni turizm marşrutları yaradılıb.

Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə geniş məlumat verib, keçirilən monitorinqin nəticələrini açıqlayıb.

M.Qəhrəmanov bildirib ki, bölgənin turizm imkanlarının daha geniş şəkildə təbliği, yerli turizm məhsullarının və marşrutlarının turistlərə təqdim edilməsi, habelə bu sahədə xidmətlərin göstərilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şamaxıda, Şəkidə, Zaqatalada, İsmayıllı və Qəbələdə turizm informasiya mərkəzləri yaradılıb.

Regional müşavirə digər çıxışlarla davam etdirilib. Çıxışlarda turizmin inkişafı ilə bağlı görüləcək işlər geniş müzakirə olunub, qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib.

Müşavirədə, həmçinin sahibkarların turizmlə bağlı təklifləri də qeydiyyata götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.