REGİONLAR
İsmayıllıda tütün yığımına başlanılıb
İsmayıllı, 6 iyul, AZƏRTAC
İsmayıllı rayonunda sahibkarlar tütün dəriminə start veriblər.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirilib ki, cari mövsümdə Diyallı, Təzəkənd və Qalınçaq ərazi vahidlərində ümumilikdə 15 hektarda tütün yetişdirilib. Tütün dərimini vaxtında və itkisiz başa çatdırmaq üçün ciddi səy göstərən sahibkarlar məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. Qurudulan məhsul irəlicədən bağlanan müqaviləyə əsasən, Şəkidəki “İlham M” MMC-yə satılacaq. Bu il bölgədə azı 30 ton tütün istehsalı gözlənilir.
Qeyd edək ki, tütünçülük vaxtilə İsmayıllıda təsərrüfatın ənənəvi sahələrindən olub. 25 illik fasilədən sonra, nəhayət ötən ildən etibarən rayonda yenidən tütün əkininə başlanıb. Keçən il 5 hektarda, bu il isə üç dəfə çox sahədə məhsul yetişdirilib. Verilən məlumatda bildirilir ki, gələn il əkin sahələri azı iki dəfə artırılacaq.