REGİONLAR
İsmayıllıda yeni fındıq bağları salınır
İsmayıllı, 29 noyabr, Adil Ağayev, AZƏRTAC
Fındıq kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən məhsuldur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev cari il avqustun 10-da İsmayıllıda “İSMA BİKES” velosiped zavodunun açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bunu diqqətə çatdıraraq iqlim və torpaq şəraitinin əlverişli olduğu bu bölgədə minlərlə hektar sahədə fındıq əkilməsi barədə tapşırıq vermişdi. Dövlətimizin başçısının tapşırığından sonra rayonda yeni fındıq bağlarının salınması ilə əlaqədar mövcud potensialın araşdırılması, habelə bölgədə bar verən 87 hektar fındıq bağlarının nəzarətə götürülərək mütəxəssislər tərəfindən aqrotexniki qulluq işlərinin göstərilməsi istiqamətində tədbirlərə başlanıldı və bu məqsədlə xüsusi qərargah yaradıldı.
Cari mövsümdə rayonda mövcud bağlardan 250 ton fındıq yığılıb ki, bu da ötənilkindən 38 ton çoxdur. Hazırda bağlarda becərmə işləri, əsasən də budama aparılır. Əksər ərazilərdə, o cümlədən Tircan, Qalınçaq, Topçu, Talıstan, Kürdmaşı, Sumağallı və digər ərazi vahidlərində yeni bağlar salınır. Əkində Qəbələ, Qax, Balakən, Oğuz rayonlarından gətirilən fındıq tinglərindən istifadə olunur. Bu tinglər də tez yetişən “Futkurami”, “Cərkəz-1”, “Cərkəz-2”, habelə “Əşrəfi”, “Qəbələ-17” və digər yerli sortlardır.
Bu gün İsmayıllıda fərdi təsərrüfatlarda, torpaq mülkiyyətçiləri tərəfindən də fındıqçılığa maraq artıb. Bu, təkcə ailəyə verəcəyi gəlirlə əlaqədar yox, həm də fındıq məhsulunun insan orqanizmi üçün çox faydalı olması ilə əlaqədardır və bunu da yaşlı sakinlər yaxşı bilirlər.
Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində İsmayıllıda yaşayan alim-aqronom Şahin Hüseynov deyib ki, fındıq ləpəsindəki kaloriyə görə ət və çörəkdən üstündür. Xüsusi keyfiyyətinə görə yeyinti və qənnadı sənayesi üçün əvəzedilməz xammaldır. Mütəmadi istifadə qanda xolesterinin artmasının, qan-damar xəstəliklərinin qarşısını alır, habelə orqanizmin inkişafı üçün də çox lazımlıdır. ABŞ-da fındığın orqanizm üçün faydası ilə bağlı ötən əsrin 70-ci illərindən bəri tədqiqatlar aparılır. Müəyyən olunub ki, fındıq ləpəsindən mütəmadi istifadə edənlərdə ürək xəstəlikləri digərlərinə nisbətən 50 faiz azdır. Təsadüfi deyildir ki, son 20 ildə dünyada fındıq məhsullarına tələbat iki dəfə artıb.