REGİONLAR
İsmayıllıda yeni tikinti materialları kombinatı istifadəyə verilib
İsmayıllı, 26 iyul, AZƏRTAC
İsmayıllı rayonunun Xanagah kəndinə yaxın ərazidə yeni tikinti materialları kombinatı istifadəyə verilib. “Tikinti-27” ASC tərəfindən inşa olunan kombinatda saatda 100 kubmetr beton, 120 ton qum, bir o qədər çınqıl istehsal olunacaq. Avadanlıqlar ən müasir texnologiya əsasında qurulub. Dam örtükləri bölməsində metal dam plitələri və kirəmit formalı dəmir örtük istehsal olunacaq. Yeni istehsal sahəsinə 35 nəfər daimi işçi qəbul edilib.
AZƏRTAC xəbər verir ki, iyulun 26-da kombinatın açılış mərasimi olub. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, ASC-nin sədri Azad Əliyev, dövlət qulluğu veteranı Valeh Salehov çıxış ediblər. Qeyd olunub ki, ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı, Prezident İlham Əliyevin bölgələrin sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret tapşırıqlar İsmayıllı rayonunda da yeni istehsal sahələrinin yaradılmasına təkan verir.
Bildirilib ki, kombinatın açılışı dövlətimizin başçısının sahibkarlığın inkişafı üçün yaratdığı şəraitin təzahürüdür. Bundan sonra Basqalda, Qubaxəllilidə, Balikdə, Qalınçaqda və digər yerlərdə yeni-yeni müxtəlif profilli istehsal müəssisələri tikiləcək, nəticədə də xeyli iş yerləri açılacaq.
İstehsal olunan məhsullar bazar qiymətlərinə də müsbət təsir edəcək. ASC-də məhsulların satışı üçün firma mağazalarının açılması da nəzərdə tutulub.
Sonda mərasim iştirakçıları istehsal prosesi ilə tanış olublar.