REGİONLAR
İsmayıllıda yerli büdcənin daxili imkanlar hesabına formalaşdırılması üçün böyük potensial var
İsmayıllı, 13 fevral, Adil Ağayev, AZƏRTAC
İsmayıllı rayonunda yerli büdcənin 2018-ci ildə tamamilə daxili imkanlar hesabına formalaşdırılması qarşıya konkret vəzifə kimi qoyulub.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verib. AZƏRTAC-ın müxbiri İsmayıllı rayonunda bu istiqamətdə görülən işlərlə maraqlanıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov bildirib ki, bu gün rayonda potensial imkanların araşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. İqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının ənənəvi və qeyri-ənənəvi sahələrinin inkişafı, bu sahəyə investisiya cəlbi, sahibkarlara hər cür dəstək verilməsi diqqət mərkəzindədir. Hazırda İsmayıllı şəhərində “Yaşıl bazar”ın, Keyvəndi kəndində çoxprofilli heyvandarlıq kompleksinin, Qalınçaq kəndində ildə 1000 ton hind quşu əti istehsal edəcək fabrikin, İsmayıllı şəhərində çipsi zavodunun tikintisi sürətlə davam etdirilir.
Rayonda sənaye məhəlləsinin yaradılması qarşıda duran mühüm layihələrdəndir. Diyallı bələdiyyəsi ərazisində bu məqsədlə 8 hektara yaxın torpaq sahəsi ayrılıb. Hazırda inşa edilən və rayonda ilk müasir sənaye istehsalı müəssisəsi olacaq velosiped zavodunun tikintisi sürətlə aparılır və aprel ayında istifadəyə verilməsi nəzərdə tutulub. Burada 100 nəfərədək mühəndis-texniki heyət və fəhlə işləyəcək.
Xanagah kəndi yaxınlığında Axoxçayın kənarında inşa edilən tikinti materialları və konsturksiyaları zavodu yerli ehtiyacı ödəməklə yanaşı, büdcəyə gəlir gətirmək baxımından da əhəmiyyətli olacaq.
Mahmud Süleymanov, həmçinin bildirib ki, rayonda iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı istiqamətində araşdırmalar davam etdirilir. Bu məqsədlə sahibkarlar şurasının və yeni yaradılan ictimai nəzarət şurasının üzvləri bələdiyyələr və təcrübəli mütəxəssislərlə birgə hər bir kənddə tarixən mövcud olan peşələri, istehsal sahələrini, məşğuliyyət növlərini, əmək resurslarını, əhalinin təkliflərini öyrənib və ilkin layihələr hazırlayıblar. Layihələr yerli icra nümayəndələrinin, sahibkarların, kredit-donor təşkilatlarının və bələdiyyə sədrlərinin iştirakı ilə müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
İlkin nəticələrə görə, rayonda kooperativlərin, aqroparkın, yeni istehsal və emal müəssisələrinin yaradılması, unudulan istehsal sahələrinin və peşələrin bərpası və digər layihələr iqtisadiyyatın inkişafına, habelə, yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Ayrı-ayrı ərazilərdə, o cümlədən Qalagah kəndində dəyirman kompleksinin, un məmulatları istehsalı müəssisəsinin, Qalınçaq kəndində südlük istiqamətli 100 başlıq maldarlıq fermasının və süd məhsulları emalı müəssisənin açılması, Hacıhətəmlidə qarabaşaq əkini, kilim toxuculuğu və maldarlığın bərpası, üzümçülüyün, heyvandarlığın inkişafı, kəndlərdə taxılçılıq üzrə kooperativlərin, toxumçuluq təsərrüfatlarının, müasir arıçılıq müəssisəsinin, istixanaların, meyvəçilik üzrə tinglik təsərrüfatlarının yaradılması kimi layihələr xüsusi diqqət mərkəzindədir.
“Rayonun yerli büdcəsinin 2018-ci ildə tamamilə daxili imkanlar hesabına formalaşdırılmasının qarşıya konkret vəzifə kimi qoyulduğunu nəzərə alsaq, bu layihələrin həyata keçirilməsi yaxın illərdə gəlirlərin artmasına, dövlət büdcəsindən dotasiya almamağa imkan verəcək”, - deyə rayon icra hakimiyyəti başçısının müavini bildirib.