REGİONLAR
İsmayıllıdakı “Saat meydanı” istifadəyə verilib
İsmayıllı, 2avqust, AZƏRTAC
İsmayıllı şəhərinin mərkəzində M.Ə.Rəsulzadə küçəsi ilə Şirvanşahlar küçəsinin kəsişdiyi ərazidə inşa olunan “Saat meydanın”da tikinti-quraşdırma işləri başa çatıb. Şəhər bazarının qarşısında uzun illərdən bəri bərbad vəziyyətdə olan 0,3 hektar ərazidə 9 metr qüllə üzərində 4 tərəfdən görünən saat, ondan yuxarı hissədə monitor qurulub. Ətrafda müasir dizaynla tərtibat işləri aparılıb, 700 kvadratmetr yaşıl örtük çəkilib, bəzək ağacları əkilib, 17 işıqlandırma dirəyi quraşdırılıb.
Avqustun 2-də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Saat meydanı”nın açılış mərasimi olub.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bölgələrdə, o cümlədən İsmayıllıda həyata keçirilən sosial-iqtisadi layihələrdən, tikinti-quruculuq və abadlıq işlərindən danışıb. Vurğulayıb ki, şəhərin mərkəzində həyata keçirilən bu layihə son illər turistlərin daha çox gəlib-getdikləri İsmayıllı şəhərinin görkəminə yeni bir gözəllik verib.
Açılış mərasimində İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayev, dövlət qulluğu veteranı Valeh Salehov, ziyalı Etibar Abdulov çıxış edərək bölgələrə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.