REGİONLAR
“İsmayıllının Kürdmaşı kəndində su təchizatı sisteminin inşası” layihəsi üzrə qrant müqaviləsi imzalanıb VİDEO
İsmayıllı, 9 oktyabr, Adil Ağayev, AZƏRTAC
Oktyabrın 9-da İsmayıllı rayonunda Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində reallaşdırılacaq “İsmayıllının Kürdmaşı kəndində su təchizatı sisteminin inşası” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi və şəhər rəhbərliyi iştirak edib.
İmzalama mərasimini rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq, Azərbaycan-Yaponiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirilib ki, bu cür layihələr iki dövlət arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə böyük töhfədir. İcra hakimiyyətinin başçısı İsmayıllı və Yaponiyanın İto şəhərinin qardaşlaşmış şəhərlər olduğunu, mütəmadi olaraq qarşılıqlı səfərlər edildiyini, bu səfərlərin xalqlarımızın adət-ənənələrinin, mədəniyyət və tarixinin öyrənilməsində xüsusi rolunu vurğulayıb.
Yaponiya hökuməti “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində 2002-ci ildən bəri İsmayıllıda 13 layihə reallaşdırıb. Bu layihələr barədə iştirakçılara ətraflı məlumat verən icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev bildirib ki, bu gün imzalanacaq müqavilə ilə birlikdə bu layihələrin ümumi smeta dəyəri 1 milyon 258 min 600 ABŞ dollarıdır. Milli kəlağayı istehsalı, Ruşan kənd orta məktəbinin yenidən tikilməsi, Qalacıq kəndində xəstəxana üçün binanın inşası, İsmayıllı rayonunda tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi, iki kənddə uşaq bağçasının tikintisi və s. məhz bu cür layihələrdəndir.
İmzalanma mərasimində kənd ziyalıları Azər Abbasov və Yunus Məmmədov kənddə su probleminin həllinə kömək edəcək layihəyə görə minnətdarlıqlarını bildiriblər. A.Abbasov səfirə yerli həvəskar tərəfindən çəkilən rəsm əsərini hədiyyə edib.
Səfir Tsuquo Takahaşi İsmayıllıda dəfələrlə olduğunu və bu yerlərə heyran qaldığını söyləyib. Qeyd edib ki, müvafiq proqram çərçivəsində həyata keçirilən layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, təhsil, səhiyyə ilə əlaqədar sahələri əhatə edir. Bugünkü layihə də Kürdmaşı kəndində su təchizatını yaxşılaşdırmaq məqsədi daşıyır.
Sonda səfir Tsuquo Takahaşi və layihə icraçısı, “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin sədri Rafiq İsmayılov qrant müqaviləsini imzalayıblar.