REGİONLAR
İsmayıllının Sumağallı kəndinə təbii qaz verilib
İsmayıllı, 25 may, AZƏRTAC
İsmayıllı rayonu Sumağallı kəndinə “mavi yanacaq” verilib. Kəndin qazlaşdırılmasında 17200 metr müxtəlif diametrli metal və polietilen borulardan istifadə olunub, 301 fərdi tənzimləyici və sayğac quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, kəndə “mavi yanacağ”ın verilməsi ilə əlaqədar açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruz Aslanov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev və başqaları sakinləri təbrik edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, dövlətimizin başçısının Azərbaycanın hər bir bölgəsində, o cümlədən ən ucqar yaşayış məntəqələrində belə insanların sosial problemlərinə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Açılış mərasimində çıxış edənlər kəndə təbii qazın verilməsinə, onların məişət şəraitinin yüngülləşdirilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.