REGİONLAR
İsmayıllının kəndlərində kartof yığımına başlanılıb
İsmayıllı, 30 iyun, AZƏRTAC
İsmayıllının kəndlərində kartof yığımına başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, cari mövsümdə bölgədə 785 hektarda kartof yetişdirilib. Bir neçə gündür ki, rayonun cənub ərazilərində, o cümlədən Gəraybəyli, Aşağı Zərnava, Külüllü, Qubaxəlilli, Kürdmaşı, Mollaisaqlı, Kürdeldarbəyli kəndlərində torpaq mülkiyyətçiləri ağır zəhmət bahasına yetişdirdikləri məhsulun yığımına başlayıblar.
Qeyd edək ki, son illərdə rayonda kartofçuluq intensiv surətdə inkişaf edir. Bu, hər şeydən əvvəl öz dadı və keyfiyyəti ilə seçilən İsmayıllı kartofuna olan tələbatla əlaqədardır. Torpaq mülkiyyətçiləri ailə büdcəsinə əlavə gəlir gətirən kartofçuluğun inkişafında maraqlıdırlar. Təsadüfi deyildir ki, əkin sahələri, məhsul istehsalı ildən-ilə artır. Cari mövsümdə sahələrdən 6700 tondan çox kartof yığılacağı gözlənilir.