REGİONLAR


İsmayıllının konkret və aydın inkişaf istiqamətləri var

A+ A

İsmayıllı, 19 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin bu il avqustun 10-da İsmayıllı rayonuna səfəri, velosiped zavodunun açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi görüşü, bölgənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən tapşırıq və tövsiyələri rayonun ictimai-mədəni, sosial-iqtisadi həyatda dərin iz buraxıb. Ölkə başçısı sakinlərlə görüşü zamanı qeyd edib ki, İsmayıllı sürətli inkişaf dövrünü yaşayır. Burada turizm sektorunun, kənd təsərrüfatının və emal sənayesinin inkişafı sürətlə getməlidir. Bir qarış torpaq sahəsi istifadəsiz qalmamalıdır. Kiçik və orta sahibkarlıq inkişaf etdirilməli, kiçik ailə təsərrüfatları yaradılmalıdır. Arıçılıq inkişaf etdirilməli, minlərlə hektar sahədə fındıq bağları əkilməlidir. Qədim tarixə malik olan xalçaçılıq sənəti İsmayıllıda qorunmalı və inkişaf etdirilməlidir. Girdimançayın üzərində 10 meqavat gücündə yeni su elektrik stansiyası tikilməlidir.

Əlbəttə, ölkə başçısının tövsiyə və tapşırıqları İsmayıllının gələcək inkişafının aydın proqramıdır.

AZƏRTAC xəbər verir ki, bütün bunlar avqustun 19-da İsmayıllıda keçirilən cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilib. İstər rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun məruzəsində, istərsə də müzakirələrdə doqquz ayın rayonda uğurlu nəticələrlə başa çatdığı bildirilib. Bu müddətdə 132 milyon 559,6 min manat məbləğində ümumi məhsul istehsal olunub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 milyon manat çoxdur. Hesabat dövründə əsas kapitala 18 milyon 400 min manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artıq investisiya qoyulub.

Hesabat dövründə tikinti-quruculuq işləri sahəsində xeyli tədbirlər həyata keçirilib. Yaşayış evləri, inzibati binalar, yollar tikilib və ya əsaslı təmir olunub. M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının, Keyvəndi kəndində “AZZA Aqro” MMC tərəfindən 1500 başlıq iri heyvandarlıq təsərrüfatının, Qalınçaq kəndində “Şən Fermer” MMC tərəfindən hind toyuğu əti istehsal edəcək fabrikin, İsmayıllı şəhəri ərazisində meyvə-tərəvəz emalı və qablaşdırılması müəssisəsinin, “Muğan bank” ASC-nin inzibatı binasının, “Günəş-park” istirahət mərkəzinin, Tircan kəndi ərazisində “Zəngəzur” istirahət və əlillərin reabilitasiya mərkəzinin tikintisi davam etdirilib.

İsmayıllı şəhərində “Yaşıl market” ticarət kompleksinin tikintisi başa çatdırılıb və istismara hazır vəziyyətə gətirilib. “Yaşıl market”in nəzdində mərkəzləşdirilmiş ət kəsim sexinin tikintisi başa çatdırılıb. Sexin işə salınması istiqamətində iş aparılır.

Xanagah kəndi yaxınlığında dam örtüklərinin istehsalı üçün nəzərdə tutulan zavod və Talış kəndində iş adamı tərəfindən gündəlik istehsal gücü 1 ton olan pendir istehsalı sexi istifadəyə verilib.

İsmayıllı şəhərində Xalça fabrikinin, Heydər Əliyev prospektində 3 ulduzlu otelin tikintisinə başlanılıb.

Rayonun iqtisadiyyatında kənd təsərrüfatı əsas yer tutur. Hesabat dövründə müqayisəli qiymətlərlə 71 milyon 488,8 min manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da rayonda istehsal edilən ümumi məhsulun 59,3 faizini təşkil edir. Taxılçılıq, heyvandarlıq sahələrində diqqətəlayiq nəticələr əldə olunub. Cari mövsümdə Qurbanəfəndi, Topçu, Qalınçaq və Təzəkənd kəndlərində 5 hektar sahədə tütün yetişdirilib və indiyədək 1335 kiloqram tütün yarpağı qəbul məntəqəsinə təhvil verilib. Yarpaq dərimi davam edir.

Hesabat yığıncağında qeyd olunub ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə əsasən rayonda 2 min hektar sahədə fındıq bağlarının salınması nəzərdə tutulub. Artıq bu istiqamətdə tədbirlər görülür.

Məruzə və çıxışlarda təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, turizmin inkişafı, sakinlərin su təchizatı, elektrik enerjisi və təbii qazla normal təminatı istiqamətində görülən işlərdən danışılıb, habelə qarşıda duran vəzifələr müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.