REGİONLAR
İsmayıllıya gələn yaponiyalı qonaqlarla görüş keçirilib
İsmayıllı, 22 avqust, AZƏRTAC
İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında imzalanan dostluq mübadiləsi haqqında Sazişə əsasən İsmayıllıya növbəti səfərə gələn yaponiyalı qonaqlarla rayon icra hakimiyyətində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, yaponiyalı qonaqlar - müəllim İnaba Naoka, yuxarı sinif şagirdi Suzuki Takeshi, universitet tələbəsi Umehara Taiga ilə görüşdə İsmayıllıdan Yaponiyaya gedən nümayəndə heyəti, yapon dilini distant üsulla öyrənən məktəblilər iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev qonaqları salamlayaraq onlara rayonun tarixi, sosial-iqtisadi və mədəni həyatı barədə məlumat verib.
Müəllim İnaba Naoka onlara göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib, səfər müddətində Azərbaycan və azərbaycanlılar, milli adət-ənənələrimiz, zəngin tariximiz barədə xeyli bilgilər əldə etdiklərini söyləyib.
Görüşdə qonaqlara hədiyyələr verilib.
Qeyd edək ki, səfər çərçivəsində Lahıc və Basqal qəsəbələrində, Cavanşir qalasında, “Xoşbəxt X” xalça müəssisəsində və digər yerlərdə olan yaponiyalı qonaqlar avqustun 24-dək proqrama müvafiq olaraq İsmayıllı ilə tanışlıqlarını davam etdirəcəklər.