İDMAN
İspaniya himni “Barselona” azarkeşləri tərəfindən fitə basıldığına görə klub cərimələnib
Bakı, 28 iyul, AZƏRTAC
İspaniyanın Zorakılıq, İrqçilik, Ksenofobiya və Dözümsüzlük əleyhinə Dövlət Komissiyası İspaniya Kuboku yarışlarının “Barselona” ilə “Atletiko” klubları arasında final matçında ölkə himninin “Barselona”nın fanatları tərəfindən fitə basıldığına görə bu klubu cərimələyib.
“Barselona” azarkeşləri mayın 30-da “Kapm Nou” stadionunda “Atletiko” (Basklar ölkəsi) və “Barselona” (Kataloniya) arasında matçdan əvvəl dövlət himnini fitə basıblar. Həmin matçda ilk dəfə dövlət başçısı kimi IV Felipe iştirak edib.
Oyun 3:1 “Barselona”nın qələbəsi ilə başa çatıb. Həmin oyun Lionel Messinin “başqa qalaktikadan” qolu ilə də dünyada məşhur olub.
Basklar ölkəsi və Kataloniya İspaniyanın ən millətçi əhval-ruhiyyəli muxtariyyətləridir. Bu vilayətlərin sakinlərinin çoxu İspaniyadan ayrılmağın tərəfdarıdırlar.
“Barselona”, həmçinin matçda təhlükəsizliyin təmin olunmamasına görə 60 min avro məbləğində cərimələnib. Komissiyanın qərarını ədalətsiz sayan Kataloniya klubu şikayət verməyi planlaşdırır.
Matçın baş təşkilatçısı kimi İspaniya Kral Futbol Federasiyası 123 min avro cərimələnib. “Atletik” isə qadağan edilmiş siyasi aksiyaların qarşısının alınmasına dair əməkdaşlıqda fəaliyyətsizliyinə görə 18 min avro cərimə ödəyəcək.