DÜNYA
İspaniya parlamenti yenə Baş naziri seçə bilməyib
Bakı, 3 sentyabr, AZƏRTAC
İspaniya parlamenti səsvermənin dünən keçirilən ikinci turunda da “Xalq partiyası”nın lideri, hökumət başçısı səlahiyyətlərini icra edən Mariano Raxoyun Baş nazir postuna təyin olunmasının əleyhinə çıxıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Raxoyun Nazirlər Kabinetinin başçısı postuna təyin olunmasının lehinə 170, əleyhinə isə 180 deputat səs verib.
Raxoy sosialistləri “həyat qabiliyyətli hökumətin qurulmasına maneə yaratmaqda” ittiham edib. Bundan sonra parlament yenidən koalisiya qurmaq barədə danışıqlara davam edəcək. Əgər növbəti cəhd də nəticəsiz qalsa, dekabr ayında ölkəni il ərzində artıq üçüncü növbədənkənar parlament seçkiləri gözləyir.
İspaniyada keçən il dekabrın 20-də keçirilən parlament seçkilərindən indiyədək daimi hökumət qurmaq mümkün olmayıb. Partiyalar hələ də ölkənin Baş nazirini təyin etmək barədə razılığa gələ bilmirlər.