DÜNYA
İspaniya planşet və noutbukların təyyarə bortunda aparılmasına məhdudiyyət qoymayacaq
Madrid, 30 mart, AZƏRTAC
Ötən həftə ABŞ və Böyük Britaniya aviaşirkətləri bəzi Mərkəzi Şərq və Avropa ölkələrindən edilən uçuşlarda təyyarənin salonuna 7 düymdən yuxarı noutbuk və planşetlərin keçirilməsinə qadağa qoyub. Bu ölkələrdən sonra Fransa və Almaniya da müvafiq qərar qəbul etməyə hazırlaşır.
İspaniya isə sözügedən məhdudiyyəti qoymayacaq. Bu barədə açıqlamanı İspaniyanın Daxili İşlər Nazirliyi verib.
Bu məhdudiyyət təyyarənin bortundakı İpad markalı planşetin içərisində quraşdırılmış partlayıcı vasitə barədə xüsusi mühafizə orqanlarının əldə etdiyi məlumatdan sonra qoyulmağa başlayıb. Terroristlər planşet formasında hazırlanmış partlayıcı qurğunu təyyarənin içərisinə keçirməyi planlaşdırırlarmış. Əməliyyatın detalları barədə isə məlumat verilməyib.
Qadağa Səudiyyə Ərəbistanı, Qətər, Misir, BƏƏ, İordaniya, Küveyt, Livan, Mərakeş və Türkiyədən ABŞ və Böyük Britaniyaya uçan bütün aviareyslərə tətbiq olunur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid