DÜNYA
İspaniya polisi Frensis Bekonun oğurlanmış üç rəsm əsərini tapıb
Bakı, 19 iyul, AZƏRTAC
İspaniya polisi Frensis Bekonun oğurlanmış beş rəsm əsərindən üçünü tapıb.
AZƏRTAC xəbər verir ki, Pais qəzetinin yazdığına görə, hansı əsərlərin və harada tapıldığı barədə məlumat verilmir.
Qiyməti 25 milyon avrodan 30 milyon avroyadək olan beş əsər 2015-ci ilin iyununda rəssamın yaxın dostu Xose Kapelonun evindən oğurlanmışdı. Kopelo həmin əsərləri miras olaraq almışdı. Oğurluq evdə heç kəsin olmadığı vaxt baş vermişdi. Həmin ev Madridin mərkəzində, Senatın bilavasitə yaxınlığında, polisin daim keşik çəkdiyi rayonda yerləşir. Siqnalizasiyanı söndürməyə nail olan cinayətkarlar hadisə yerində heç bir iz qoymamış və rəsm əsərləri ilə yanaşı, digər qiymətli əşyalar da oğurlamışdılar. Bu, ölkə tarixində müasir incəsənət nümunələrinin ən böyük oğurluğu hesab edilir.
Yanvar ayında məlum olmuşdu ki, İspaniyada ev oğurluqları şübhəsi ilə səkkiz nəfər saxlanılıb və onlardan üçünün Bekonun əsərlərinin oğurlanması ilə əlaqəsi ola bilər.
1992-ci ildə 82 yaşında Madriddə vəfat etmiş Frensis Bekonun rəsm əsərlərinə kolleksiyaçılar arasında böyük tələbat var. On il əvvəl Qətər şeyxinin ailəsi “Papa X İnnokentinin portretinə qırmızı fonda etüd” əsərini 53 milyon dollara almışdı. 2008-ci ildə “Triptix, 1976” Sotheby's hərracında Roman Abramoviç tərəfindən 86,3 milyon dollara satın alınmışdı. 2013-cü ilin noyabrında “Lyüsen Freydin portretinə üç eskiz” Christie's satış evində rekord qiymətə - 142,4 milyon dollara satılmışdı. Bir il sonra amerikalı alıcı “Danışan Corc Dayerin portreti”nə 70 milyon dollar ödəmişdi. “Con Edvardsın portretinə üç etüd” isə Christie's-də 80,8 milyon dollara alıcı tapmışdı.