SİYASƏT


İspaniya qəzeti Ermənistanın təcavüzkar siyasəti haqqında yazır

A+ A

Madrid, 12 iyul, AZƏRTAC 

İspaniyanın aparıcı qəzetlərindən olan “La Razon”da “Dağlıq Qarabağda sülh üçün bir fürsət” adlı məqalə dərc edilib. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Ermənistanın yürütdüyü təcavüzkar siyasətdən bəhs edilir.

Bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanğıcı sovet dövrünə, 1987-ci ildə Ermənistan tərəfinin dinc Azərbaycan əhalisini Ermənistandan və Dağlıq Qarabağ vilayətinin şəhəri olan Xankəndidən zorla çıxarması dövrünə təsadüf edir. Azərbaycan xalqına qarşı aparılmış etnik təmizləməyə aydın misal olaraq 1992-ci ildə törədilmiş, 613 nəfərin qətlə yetirildiyi və mindən çox insanın şikəst qaldığı Xocalı soyqırımını göstərmək olar.

Qeyd olunur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, Dağlıq Qarabağ regionu və ona bitişik ətraf 7 rayon işğal olunub. İyirmi mindən çox insan qətlə yetirilib, əlli mindən çox insan isə əlil qalıb. Soyqırımının və etnik təmizləmənin qurbanı olan bir milyon azərbaycanlı öz əzəli torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilib. 1994-cü ildə elan olunmuş atəşkəs rejiminə baxmayaraq, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı təcavüz törətməkdə davam edir və bu təxribatlar son illər ərzində daha da güclənərək zorakı xarakter almaqdadır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini ağır artilleriya və iriçaplı silahlardan intensiv atəşə tutduğu aprel döyüşləri buna misaldır. Ermənistan tərəfinin həyata keçirdiyi hücumlar zamanı, həmçinin güclü dağıdıcı qüvvəyə malik olan ağ fosfor mərmisindən istifadə olunub. Hücumlar nəticəsində Azərbaycanın Ermənistanla təmas xəttində yerləşən 34 kəndi və yaşayış məntəqəsi ağır artilleriyadan intensiv atəşə məruz qalıb. Nəticədə 33 nəfər ağır yaralanıb, uşaqlar da daxil olmaqla 6 mülki şəxs həlak olub. Məhkəmə-tibbi ekspertizası nəticəsində Azərbaycan hərbi qulluqçularının cəsədlərində işgəncə və pis rəftar əlamətləri aşkar edilib. Cari il aprelin 5-də elan olunmuş atəşkəsə baxmayaraq, Ermənistan tərəfi bu sazişi pozmaqda davam edir, iriçaplı ağır artilleriya, mina və qumbaralarla təmas xətti boyunca yerləşən kəndlərə və yaşayış məntəqələrinə atəş açır.

Yazıda vurğulanır ki, təcavüzkar qüvvələrin Azərbaycanın zəbt olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistan Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlamaqda davam edir. Beynəlxalq təşkilatlarda çıxış edən Azərbaycan Respublikasının Prezidenti münaqişənin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət etməklə mümkün olacağını və siyasi yolla öz həllini tapmasına çalışacağını hər zaman bəyan edir. Bu baxımdan, cari ildə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilmiş üçtərəfli görüşü ümidvericidir. Görüşün yekunlarına dair qəbul edilmiş birgə bəyanatda tərəflərin sülh danışıqlarına hazır olduqları bildirilir. Bu isə region üçün təhdid yaradan müharibəni dəf etmək istiqamətində atılan addım kimi dəyərləndirilir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.