MƏDƏNİYYƏT
İspaniya tarixində Kraliça Sofiya adına Musiqi Akademiyasında təhsil alan ilk azərbaycanlı VİDEO
Madrid, 11 oktyabr, AZƏRTAC
Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, skripka ifaçısı Kamran Ömərli ölkəmizin dəyər verdiyi gənc istedadlardan biridir. 1994-cü ildə Xaçmazda anadan olmuş Kamran Rastropoviçlər adına musiqi məktəbinin skripka sinfini fərqlənmə ilə bitirib. O, bir çox respublika əhəmiyyətli müsabiqələrdə birinci yerin və ya Qran-pri mükafatlarının sahibi olub.
2011-ci ildə seçim turundan müvəffəqiyyətlə keçmiş yeganə azərbaycanlı olaraq Polşada H.Venyavski adına skripkaçıların XIV beynəlxalq müsabiqəsində xüsusi mükafata - diploma layiq görülüb. Elə bu müsabiqədəki çıxışından sonra münsiflər heyətinin üzvü professor Zaxar Bron onu Madrid Kral Musiqi Akademiyasında özünün rəhbərlik etdiyi skripka kafedrasına təhsil almağa dəvət edib.
Kamran İspaniya tarixində Kraliça Sofiya adına Musiqi Akademiyasında təhsil alan ilk azərbaycanlıdır. Göstərdiyi yüksək nəticələrə görə Akademiyanın imtahan komissiyası Kamranın təhsil haqqının İspaniya Mədəniyyətə Yardım Fondu tərəfindən ödənilməsinə qərar verib.
K.Ömərlinin dünya musiqi səhnələrində uğurları çoxdur. O, mütəmadi olaraq Azərbaycanda keçirilən mötəbər musiqi festivallarında da iştirak edir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid