SİYASƏT
İspaniyada Azərbaycanın Respublika Günü qeyd olunmuşdur VİDEO
Madrid, 29 may (AZƏRTAC). Azərbaycanın İspaniyadakı səfirliyi 28 May – Respublika Günü münasibətilə Madriddə rəsmi qəbul təşkil etmişdir.
Azərbaycanın və İspaniyanın himnlərinin səslənməsindən sonra çıxış edən səfir Altay Əfəndiyev Respublika Gününün tarixindən danışmışdır. O bildirmişdir ki, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət – Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük nailiyyətlər əldə etmişdir. Parlament çoxlu sayda qanun qəbul etmiş, cəmiyyətin fəaliyyətinin hüququ bazasının yaradılmasına əsasən nail olunmuşdur.
“Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük rol oynayır, eyni zamanda, enerji, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları və bu kimi bir çox strateji layihələrdə etibarlı tərəfdaşdır”, - deyən diplomat ölkəmizin 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, hazırda Azərbaycan Avropa Şurasına sədrlik edir.
Sonra rəsmi qəbul iştirakçıları Azərbaycanın turizm potensialını əks etdirən videoçarxa və milli rəqslərimizə baxmışlar.
Qonaqlara Azərbaycan mətbəxinin dadlı nümunələri təqdim olunmuşdur. Onlara, həmçinin ölkəmiz barədə bukletlər paylanmışdır.
Rəsmi qəbulda İspaniyanın dövlət və hökumət nümayəndələri, Senatın üzvləri, Madriddə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, hərbi attaşelər və jurnalistlər iştirak etmişlər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid