ELM VƏ TƏHSİL
İspaniyalı professor AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda məruzə ilə çıxış edib
Bakı, 3 mart, Pərvanə İmanova, AZƏRTAC
Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda institutun direktoru, AMEA-nın Kimya Elmləri Bölməsinin (KEB) akademik-katibi, akademik Dilqəm Tağıyev çıxış edərək İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi haqqında məlumat verib. Bildirilib ki, mərkəz bərk cisimlər və funksional materiallar fizikası üzrə dünyanın onlarla elmi-tədqiqat laboratoriyalarının birgə tədqiqatlarını əlaqələndirir.
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu ilə Donostia Beynəlxalq Fizika Mərkəzi arasındakı əlaqələrdən söz açan akademik bildirib ki, bu mərkəzin professoru Yevgeni Çulkovun Bakıya dəvət olunmasının məqsədi qeyri-üzvi materialşünaslıq sahəsində elmi əməkdaşlığın daha da inkişaf etdirilməsidir.
Sonra professor Yevgeni Çulkov “Topoloji izolyatorlar və Buçkov-Raşba sistemlərinin elektron quruluşu və maqnit effektləri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.