ELM VƏ TƏHSİL
İspaniyalı tələbələr Azərbaycan-İspaniya Dostluq Cəmiyyəti yaratmaq istəyirlər
Madrid, 27 yanvar, AZƏRTAC
Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qaliblərinin bəziləri ilə görüşüb.
Görüşdə tələbələr Azərbaycan-İspaniya Dostluq Cəmiyyəti yaratmaq istəyində olduqlarını bildiriblər. Onlar, həmçinin gələcəkdə səfirliyin təşkil etdiyi tədbirlərdə iştirak etmək arzularını dilə gətiriblər.
Ötən ilin avqust ayında Azərbaycana etdikləri səfəri xatırlayan gənclər ölkəmizə heyran olduqlarını söyləyiblər.
Xatırladaq ki, ötən il Azərbaycanın Gənclər və İdman Nazirliyinin təşəbbüsü və ölkəmizin İspaniyadakı səfirliyinin dəstəyi ilə İspaniyada tələbələr arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri Azərbaycana səyahət ediblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid