İDMAN
İspaniyanı ilk Avropa Oyunlarının triatlon yarışlarında 6 idmançı təmsil edəcək
Bakı, 21 aprel, AZƏRTAC
İspaniyanı “Bakı-2015” ilk Avropa Oyunlarının triatlon yarışlarında 6 idmançı təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, Avropa Oyunlarında kişi idmançılar arasında triatlon üzrə gənclərin yarışında (U-23) ikiqat dünya çempionu Fernando Alarza, eləcə də Visente Ernandes və David Lastro gücünü sınayacaqlar.
Qadınların mübarizəsində isə İspaniyanı Ainxoa Murua, Miriam Kasilyas və Tamara Qomes təmsil edəcəklər.
“Bakı-2015” ilk Avropa Oyunlarında triatlon üzrə qadınların yarışı iyunun 13-də, kişilərin mübarizəsi isə bir gün sonra keçiriləcək. Hər iki yarışda 65 idmançı qızıl medal uğrunda mübarizə aparacaq. Yarışların qalibi “Rio-2016” Yay Olimpiya Oyunlarının triatlon yarışında birbaşa iştirak üçün təmsil etdiyi Milli Olimpiya Komitəsinin təsnifat şəhadətnaməsini qazanacaq.