SİYASƏT
İspaniyanın aparıcı radiolarından birində Azərbaycan barədə söhbət aparılıb
Madrid, 27 yanvar, AZƏRTAC
İspaniyanın çoxsaylı dinləyici auditoriyası olan “Radio Juventud Gran Canaria”ın radiosunun populyar “Radio dos luces” proqramı bu ölkədə təhsil almış həmyerlimiz, politoloq Mahir Qurbanovun müsahibəsini təqdim edilib.
Verilişdə əsasən, ölkəmizin hazırkı inkişaf səviyyəsindən, Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində qazandığı nailiyyətlərdən söhbət açılıb.
Həmçinin Prezident İlham Əliyevin siyasi fəaliyyətinin uğurları barədə də geniş məlumat verilib.
Söhbətin digər mövzusunu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təşkil edib. Gənc politoloq vurğulayıb ki, 1991-ci ildə Ermənistan silahlı qüvvələri regionda yaranmış çox çətin şəraitdən istifadə edərək havadarlarının köməkliyi ilə Azərbaycanın tarixi torpaqlarına, yəni Dağlıq Qarabağa daxil olaraq təcavüzkar niyyətini reallaşdırmağa başlayıb. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox həmvətənimiz dədə-baba torpağından qaçqın düşüb.
İspaniya-Azərbaycan əlaqələrinə də toxunan həmvətənimiz qeyd edib ki, Azərbaycan ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır. Əməkdaşlıq müxtəlif sahələrdə aparıla bilər və ölkəmizdə geniş investisiya imkanları var.
Müsahibə ispan radiosunun təşəbbüsü ilə reallaşıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid