QAN YADDAŞI
İspaniyanın bir neçə şəhərində Xocalı qətliamının tanıdılması üçün aksiya keçirilib
Madrid, 27 fevral, AZƏRTAC
Fevralın 26-da İspaniyanın Madrid, Barselona və San-Sebastian şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri keçirilib.
Madriddə təhsil alan bir qrup azərbaycanlı tələbənin təşəbbüsü və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə şəhərin Sol meydanında (Puerta de Sol) icazəli aksiya keçirilib. Aksiya çərçivəsində əhaliyə Xocalı faciəsi barədə məlumat verilib, broşürlər paylanıb, həmçinin bu soyqırımının tanınması üçün petisiya imzalanıb. Meydanda Xocalı qurbanlarının xatirəsinə şamlar yandırılıb, qərənfillər düzülüb.
Digər anma mərasimi Barselonada baş tutub. Portal de l’Angeldəki tədbirə Barselonada yaşayan və təhsil alan azərbaycanlılar qatılıb. Tədbir, həmçinin Çinin www.weibo.com və www.tudou.com portallarında yayımlanacaq.
San-Sebastianda yaşayan soydaşlarımız da faciə qurbanlarının xatirəsini mərkəzi yerlərdən birində - Alameda de Boulevardda qeyd ediblər. Əlverişsiz hava şəraitinə baxmayaraq, yerli sakinlərə Xocalı soyqırımı barədə məlumat verilib, broşürlər paylanıb.
Aygün Əliyeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid