İQTİSADİYYAT
İspaniyanın biznes portalı bu ölkənin şirkətlərinin Azərbaycandakı fəaliyyətindən yazır
Madrid, 16 sentyabr, AZƏRTAC
Expansion.com portalında "İspaniyanın kiçik və orta müəssisələri Azərbaycanın modernləşməsinə dəstək verirlər" başlıqlı geniş məqalə dərc olunub. Məqalədə Azərbaycanın strateji coğrafi mövqeyə və zəngin təbii ehtiyatlara malik olması qeyd olunur.
Neft gəlirlərinin azalması fonunda ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı üçün çalışdığını yazan müəllif bu məqsədlə ispan şirkətlərinin də Azərbaycanda fəaliyyət göstərdiyini bildirir. Məqalədə deyilir ki, Azərbaycan turizmin inkişafı məqsədilə ölkədə mövcud olan infrastrukturu modernləşdirir. İspaniyanın yol, hava limanı, yaşayış və kommersiya obyektləri tikintisində fəaliyyət göstərən şirkətlərinin təcrübəsi isə əhəmiyyətlidir.
Azərbaycanda biznes mühiti haqqında yazan müəllif qeyd edir ki, Dünya Bankı tərəfindən hazırlanmış müvafiq reytinqdə Azərbaycan nisbətən yüksək mövqedə qərarlaşıb. Azərbaycanda şirkət açıb biznesə başlamaq xeyli asandır. Buna 3-5 gün vaxt tələb olunur. Vergi mühitinin də əlverişli olmasını qeyd edən müəllif deyir ki, ispan iş adamları öz ölkələrində 25 faiz vergi verdiyi halda Azərbaycanda 20 faiz vergi ödəyəcəklər.
Məqalənin yekununda müəllif ispan iş adamlarına Azərbaycanla əlaqələr qurarkən hansı məqamlara diqqət yetirməyin lazım olduğunu qeyd edir. O yazır ki, Azərbaycan şirkətləri ilə görüş keçirmək istəyirsinizsə, onlara məktub ünvanlayın. Bu məktubu Azərbaycan dilinə tərcümə etsəniz daha yaxşı olar. Protokol qaydalarına əməl etməli, görüşlər zamanı nəzakətli olmalısınız. Məqalə müəllifi hesab edir ki, Azərbaycan şirkətləri ilə birbaşa görüşlər daha effektlidir, nəinki yazışmalar və ya telefon zəngləri.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid