İQTİSADİYYAT
İspaniyanın kosmetika istehsalçıları Azərbaycan bazarına maraq göstərirlər
Madrid, 14 oktyabr, AZƏRTAC
İspaniya Parfümeriya və Kosmetika Assosiasiyası (STANPA) Azərbaycan bazarını təhlil edib. Təşkilatın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Susana Arranz yaxın günlərdə Bakıya səfər edib və ölkəmizdə bu bazar seqmentinin durumu haqqında hesabat hazırlayıb.
STANPA-nın yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan sürətli iqtisadi inkişaf dövrü yaşayan bir ölkədir. Hətta dünyanı bürüyən qlobal iqtisadi böhran da bu ölkədə inkişafı dayandıra bilməyib. İspaniya təşkilatı Azərbaycandakı parfümeriya və kosmetika sektorunun təqribən 400 milyon avro dəyərində olduğunu, bu rəqəmin hər il artdığını və gələcək 5 il üçün 4 faizdən çox artımın proqnozlaşdırıldığını bildirir. Yüksək keyfiyyətli məhsullara tələbatın artdığı isə xüsusi qeyd edilir.
Bütün bunları nəzərə alaraq STANPA 2016-cı ildə İspaniya parfümeriya və kosmetika istehsalçılarının Azərbaycana səfərini təşkil etmək niyyətindədir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid