SİYASƏT
İspaniyanın müdafiə qurumları ilə tanışlıq
Madrid, 25 may, AZƏRTAC
İspaniyaya səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 25-də bu ölkənin müdafiə qurumları ilə tanış olub.
İspaniyanın Fövqəladə Hallar Hərbi Birləşməsində (UME) nazir UME-nin fəaliyyətini əks etdirən təqdimata baxıb. Sonra Z.Həsənov UME-nin Baş Qərargahının Məlumat Mərkəzi ilə tanış olub. Bildirilib ki, bu mərkəzə İspaniya və dünyada baş verən bütün fövqəladə hadisələr haqqında məlumat daxil olur. Xilasetmə işləri barədə məlumatlar buradan izlənilir. UME-nin ərazisi ilə tanış olan Zakir Həsənov burada hərbi texnikaya da baxıb.
Daha sonra müdafiə naziri Madriddə fəaliyyət göstərən “İndra sistemləri” şirkətində də olub.
Şirkətin prezidenti Fernando Abril Martorel və idarə heyətinin üzvləri məlumat veriblər ki, “İndra sistemləri” müxtəlif sahələr üzrə texnoloji həllər təklif edir. Bu həllər sayəsində sistemlərin rəqabətə davamlılığı və iş qabiliyyəti artır. Şirkətin təklif etdiyi həllər əsasən, nəqliyyat, daşımalar, energetika, istehsal, dövlət qurumları, nəqliyyat, maliyyə, təhlükəsizlik və müdafiə, kütləvi informasiya vasitələri və digər sahələrə aiddir. Hazırda bu şirkətdə 43 min nəfər çalışır.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycanın Müdafiə Nazirliyi ilə “İndra sistemləri” şirkəti arasında müqavilə imzalanıb.
Görüşlərdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov da iştirak edib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid