REGİONLAR
İsrail-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Avinoam İdan Tərtər rayonunda olub
Tərtər, 25 may, AZƏRTAC
İsrail-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Hayfa Universitetinin professoru və Vaşinqtondakı Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun tədqiqatçısı Avinoam İdan Ermənistan silahlı bölmələrinin Azərbaycanın yaşayış məntəqələrinə şiddətli artilleriya atəşi nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün Tərtər rayonunda səfərdə olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətində olan qonağa cəbhə xəttində baş verən son hadisələr zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla bildirib ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcədə təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 mülki şəxs yaralanıb, 3 nəfər dünyasını dəyişib.
Diqqətə çatdırılıb ki, atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.
Sonra qonaq Tərtər şəhərində və Qapanlı kəndində dağıntıya məruz qalmış mənzillərə və şəhər 6 nömrəli tam orta məktəbə baş çəkib, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olub.