DÜNYA
İsrail BMT-nin maliyyələşməsini qismən azaldacaq
Bakı, 7 yanvar, AZƏRTAC
İsrail hökuməti BMT Təhlükəsizlik Şurasının Fələstin ərazisində yəhudilər üçün yaşayış məntəqələrinin tikilməsi əleyhinə qətnaməsinə cavab olaraq quruma ayırdığı maliyyə vəsaitini azaldacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, söhbət maliyyələşmənin təxminən 6 milyon dollar ixtisar olunmasından gedir.
Xatırladaq ki, dekabrın sonlarında BMT Təhlükəsizlik Şurası İsraildən, Şərqi Qüds də daxil olmaqla, Fələstin ərazilərində tikintinin dayandırılmasını tələb edən qətnamə qəbul edib. İsrailin çoxsaylı çağırışlarına baxmayaraq, ABŞ adətindən kənara çıxaraq səsvermədə iştirak etməyib və layihəyə veto qoymayıb. Netanyahunun dəftərxanası isə İsrailin qətnaməyə əməl etməyəcəyini bildirib. “BMT fəaliyyəti tamamilə İsrail əleyhinə təbliğata yönələn təşkilatları dəstəkləyən absurd reallığa son qoymalıdır”, - deyə məlumatda bildirilir.
İsrail, eyni zamanda, Təhlükəsizlik Şurasında səsvermə zamanı qətnaməni dəstəkləyən ölkələrlə də əlaqələri müvəqqəti olaraq məhdudlaşdırmaq qərarına gəlib.