DÜNYA
İsrail: Hayfa od içərisində VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
İsrailin Hayfa şəhərində şiddətli təbiət yanğınları səbəbindən 60 min sakin evakuasiya olunub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrailin mərkəzi və şimal rayonlarında yanğınlar çərşənbə axşamı günündən başlayıb. Polisin məlumatına görə, üç gün ərzində ölkə ərazisində 200-dən çox yanğın ocağı qeydə alınıb. Fəlakətin əsas zərbəsi Hayfa, Hader, Zihron-Yaakova rayonlarına dəyib.
Yerli KİV-lər yanğınların ümumilikdə 900 hektarı sahəni əhatə etdiyini, onlarla binanın zərər gördüyünü bildirirlər. Hələlik həlak olanlar barədə məlumat verilmir. Yanıq xəsarətləri almış və dəm qazından zəhərlənmiş çoxlu sayda insan tibbi yardım üçün müraciət edib. Yanğının söndürülməsi üçün Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya Rusiya və digər ölkələrdən kömək gəlib.
Yəhudi dövlətinin daxili təhlükəsizlik naziri Gilad Erdan ötən gün axşam ölkə ərazisində yanğının nəzarət alındığını bildirib. Bununla belə, Hayfa sakinlərinin evlərinə qayıtmasına hələ də icazə verilmir.
Quru və küləkli hava şəraiti alovla mübarizəni çətinləşdirir. Hüquq mühafizə orqanları yanğınların qəsdən törədildiyindən şübhələnirlər.
Xatırladaq ki, İsrail hökuməti kömək üçün Azərbaycana da müraciət edib. Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi İsrailə göndərilmək üçün hazırlanır.