DÜNYA
İsrail polisi Əl-Əqsa məscidində təhlükəsizlik tədbirlərini ləğv edib
Bakı, 27 iyul, AZƏRTAC
İsrail polisi Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidi rayonunda ərəb-müsəlman icmasının, ümumən İslam dünyasının kəskin etirazla qarşıladığı təhlükəsizlik tədbirlərinin ləğv olunduğunu elan edib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, əhəmiyyətinə görə İslamın üçüncü müqəddəs yeri sayılan ərazinin girişində sonuncu metal baryer və müşahidə kameraları asılan ramplar iyulun 27-nə keçən gecə sökülüb. Bu güzəştlərin təhlükəsizlik tədbirlərini boykot edən müsəlmanları qane edib-etməyəcəyi bilinmir. Dindarlar hələ də Məbəd Dağındakı məscidlərə getməkdən boyun qaçırır və dini liderlərinin qərarını gözləyirlər.
Artıq on gündən çoxdur ki, fələstinlilər və İsrail ərəbləri Əl-Əqsa məscidinin girişinə metal detektorlarının quraşdırılmasına qarşı etiraz aksiyaları keçirirlər. Yaranan böhran səbəbindən baş verən toqquşmalarda indiyədək azı 6 nəfərin həlak olduğu və yüzlərlə insanın yaralandığı bildirilir.