REGİONLAR
İsrail səfiri: Yəhudilər əsrlərboyu azərbaycanlılarla birlikdə dostluq, mehribanlıq şəraitində yaşayıblar
Masallı, 16 iyun, Bağır Əliyev, AZƏRTAC
Yəhudilər əsrlərboyu azərbaycanlılarla birlikdə dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər bu ölkənin bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrailin Azərbaycandakı səfiri Dan Stav Masallı rayonuna səfəri zamanı söyləyib.
Səfir Dan Stav Masallıya səfəri çərçivəsində rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovla birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi düzüb.
Rayon icra hakimiyyətində israilli diplomatla keçirilən görüşdə qonağa Masallının tarixi, coğrafi mövqeyi, əhalisi və sosial-iqtisadi inkişafı barədə məlumat verilib.
Səfir Dan Stav görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirib. Azərbaycanda mövcud tolerantlıq mühitinin ölkəsində yüksək dəyərləndirildiyini qeyd edən israilli diplomat respublikamızın sabitlik məkanı olduğunu, azsaylı xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıb.
Sonra Heydər Əliyev Parkında səfir “Halay” folklor kollektivinin və oğlanlardan ibarət rəqs qrupunun çıxışlarını maraqla izləyib.
İsrailli diplomat səfər çərçivəsində Masallıdakı Heydər Əliyev Mərkəzində, Uşaq İncəsənət Məktəbində, Bayraq Meydanında, Azərbaycanın Dövlət Rəmzləri və Tarix-Diyarşünaslıq muzeylərində, “ASAN həyat” kompleksində, “EMBAWOOD” mebel fabrikində, “Viləş”, “İstisu”, “Beş qardaş” turizm və istirahət mərkəzlərində də olub.