SİYASƏT
İsrail vətəndaşları Bakıdakı səfirlikdə təşkil edilmiş məntəqədə səs veriblər VİDEO
Bakı, 5 mart, AZƏRTAC
İsrail vətəndaşları bu ölkədə keçirilən növbədənkənar parlament seçkiləri – Knessetin 20-ci çağırışı ilə əlaqədar Bakıdakı səfirlikdə təşkil edilmiş məntəqədə erkən səsvermədə iştirak ediblər.
İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz da səs verənlər arasında olub.
Səfir bildirib ki, xaricdə yaşayan bütün İsrail vətəndaşları üçün ölkənin diplomatik nümayəndəliklərində səsvermə məntəqələri yaradılıb və martın 5-də onlar səs veriblər.
Diplomat Azərbaycan ilə İsrail arasındakı əlaqələrin inkişaf etdiyini söyləyib. O, ölkəsində hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
İsrailin Azərbaycan ilə əlaqələri energetika, təhsil, turizm, kənd təsərrüfatı və digər sahələrdə də inkişaf etdirəcəyini vurğulayan Rafael Harpaz ölkəsinin Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 150-200 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacağını və iki İsrail telekanalının yarışları canlı yayımlayacağını bildirib.
Qeyd edək ki, İsraildə parlament seçkiləri martın 17-də keçiriləcək. Seçkilərin nəticələrinə əsasən, ölkədə yeni hakimiyyət formalaşacaq və Baş nazir təyin ediləcək.