MƏDƏNİYYƏT


İsraildə “Azərbaycanın 7+7 möcüzəsi” adlı fotosərgi açılıb

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

İsraildə yerli ictimaiyyəti Azərbaycanın tarixi, memarlığı, təbii zənginlikləri və insani dəyərləri ilə tanış edən yeni layihəyə start verilib.

Yerli bələdiyyələrin dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) həyata keçirdiyi layihə çərçivəsində “Azərbaycanın 7+7 möcüzəsi” adlı fotosərgi İsrailin müxtəlif şəhərlərində nümayiş etdirilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Tirat-Karmel şəhərindən başlayan sərginin ziyarətçiləri nümayiş etdirilən fotolarda Azərbaycanın Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Qız qalası, Şəki xanlarının sarayı kimi müasir və tarixi memarlıq şedevrləri ilə tanış olurlar. İzləyicilər, həmçinin Qobustan, İçərişəhər kimi tarixi yerlər, Bibiheybətdəki qədim neft yataqları, Naftalan, palçıq vulkanları kimi unikal müalicə ocaqları ilə virtual tanışlıq imkanı əldə ediblər.

Sərginin açılış mərasimində çıxış edənlər Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlıq ənənələrindən danışıblar. Qeyd olunub ki, Qırmızı Qəsəbə yəhudi kəndi, alman koloniyası, atəşpərəstlərin ibadət yeri olan Atəşgah memarlıq kompleksi Azərbaycan xalqının tolerantlığından xəbər verir.

Tirat-Karmel şəhərinin meri Arye Tal Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb. O, Azərbaycanın təbii resurslarının zənginliyinə, mədəniyyətinə və tarixinə heyran olduğunu bildirib. Mer ölkəmizə və xalqımıza rəğbət bəslədiyini, rəhbərlik etdiyi şəhərdə əhalinin böyük hissəsini məhz Azərbaycandan gələn yəhudilər təşkil etdiyi üçün qürur duyduğunu söyləyib.

Sərginin açılışında merin müavini Mixael Koen, Şəhər Şurasının üzvləri, Kiryat-Yam şəhər merinin müavini Adam Amilov, Hayfa dairəsi üzrə absorbsiya naziri Asaf Qerti və ictimai təşkilatların nümayəndələri də iştirak ediblər. Tədbir konsert proqramı ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.