MƏDƏNİYYƏT
İsraildə Hava Dolev və Nazim Faytonçunun birgə layihəsinin təqdimatı olub
Bakı, 19 dekabr, AZƏRTAC
İsrailin Neşer şəhərində şən və xoş ovqatlı Hanuka bayramı günlərində yaddaqalan mədəni hadisə baş verib. Azərbaycan-İsrail münasibətləri tarixində ilk dəfə birgə layihənin - populyar İsrail müğənnisi Hava Dolev və Azərbaycan dinləyicilərinin sevimlisi Nazim Faytonçunun yeni diskinin təqdimatı olub.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından (“Azİz”) AZƏRTAC-a bildiriblər ki, Neşer meriyasının təşkil etdiyi estrada şousu şəhərin mədəniyyət sarayında tam anşlaqla keçib.
Foyedə Azərbaycandan gəlmələrin uşaqlıq illərindən sevdikləri və doğma saydıqları mənzərələrdən ibarət fotosərgi açılıb. Təqdimata gələnlər İsrailin ən tanınmış qənnadı firmalarından birinin - 15 il əvvəl Azərbaycandan gəlmələrin açdığı “Natali” firmasının ustalarının hazırladığı şirniyyatın dadına baxıb, israillilərin çoxu üçün görünməmiş olan tut, qoz və qızılgül mürəbbələrini nostalji məmnunluq hissi ilə alıblar.
Şoudan əvvəl əslən Bakıdan olan, indi isə şəhər absorbsiya idarəsinin rəhbəri işləyən Emin Çaykovski qonaqları Azərbaycan və ivrit dillərində salamlayıb, icmanın layihələrinə köməyini əsirgəmədiyinə və dəstəklədiyinə görə şəhərin merinə təşəkkür edib və ənənəvi Hanuka şamlarını yandırmaq üçün hörmətli qonaqları səhnəyə dəvət edib.
Səhnədə şamları yandırmaq fəxri missiyası Neşerin meri Avi Binamoya və “Azİz” Assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmana həvalə edilib.
Mer təbrik nitqində bildirib ki, icma mədəniyyətlərinin rəngarəngliyi onun şəhəri üçün həqiqi nemətdir. Qafqazdan olan böyük və mehriban icma isə öz köklərini qiymətləndirməyin və qoruyub saxlamağın nümunəsidir.
Y.Salman tədbir iştirakçılarını qarşıdan gələn əlamətdar bayram – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edərək deyib: “Biz doğulduğumuz respublikanın övladlarıyıq. Odur ki, bu bayramı həmişə mədəniyyətimizin ən mühüm bayramlarından biri kimi qeyd edirik”.
Konferansye və müğənni Aleksandr Abdalimov Azərbaycandan gələn qonaqları – “KAİNAT” MusicBand kvartetini təqdim edib. Bütün şounu bu kvartetin musiqisi müşayiət edib. Sonra səhnəyə təntənəli təqdimatın əsl səbəbkarları - Hava və Nazim çıxıblar. Onlar İsraildə əslən Qafqazdan olanların danışdıqları hər bir dildə - Azərbaycan, rus, ivrit, habelə dağ yəhudilərinin dillərində mahnılar ifa ediblər.
“Aziz” Assosiasiyasının baş direktoru Lev Spivak şounun təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək ümidvar olduğunu bildirib ki, indiki şou bu səviyyədə sonuncu birgə layihə olmayacaq.