CƏMİYYƏT
İsraildə imtahandan kəsilən tələbə-stomatoloqlar Ermənistanda saxta diplomlar alırlar
Bakı, 20 iyun, AZƏRTAC
İsrail Səhiyyə Nazirliyi Ermənistan universitetinin stomatologiya bölməsini bitirməsi barədə sənədləri olan stomatoloqlarla bağlı polisə şikayət edib. Söhbət İsraildə ərəb sektorunun müəssisələrində işləyən həkimlərdən gedir. AZƏRTAC “The Marker” saytına istinadla xəbər verir ki, şikayət ərəb sektorunda Stomatoloqlar Birliyinin təqdim etdiyi şahid ifadələri ilə əsaslandırılıb.
Stomatoloqlar Birliyindən bildiriblər ki, son vaxtlar İsraildə İordaniyanın və İtaliyanın tibb institutlarının stomatoloji bölmələrində birinci və ya ikinci ilin yekunlarına görə imtahandan kəsilmiş tələbələrə profil təhsillərini Ermənistanda davam etdirməyi təklif edən agentlərin və ya vasitəçilərin sayı artıb.
Nəşrin yazdığına görə, imtahan verə bilməyən tələbələr Ermənistana gələndə onları vəzifəsi təhsilin bərpa olunması problemlərini həll etmək olan agentliyin nümayəndəsi qarşılayır.
Nəşr vurğulayır ki, Ermənistan universitetində israilli tələbələrdən onların əvvəlki təhsil ocaqlarında imtahandan kəsildikləri materialı yenidən keçmək tələb olunmur. İsrailli tələbələr Ermənistanda çox vaxt ikinci və ya üçüncü tədris ilindən təhsil almağa başlayırlar. Axırda onlara tam kurs keçdikləri barədə standart diplom verilir.