REGİONLAR
İsrailin Azərbaycandakı səfiri Lənkərana səfər edib
Lənkəran, 6 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 6-da İsrailin ölkəmizdəki səfiri Dan Stav Lənkərana səfər edib.
AZƏRTAC xəbər verir ki, rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində israilli diplomatla Lənkəran Şəhər İcra Hakimiyyətində görüş keçirilib. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov səfirə Lənkəranın qədim tarixi, rayonun coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti və turizm potensialı haqqında, eləcə də rayon iqtisadiyyatının əsasını təşkil edən tərəvəzçiliyin, çayçılığın, sitrusçuluğun, çəltikçiliyin, heyvandarlığın inkişafı istiqamətində son illərdə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Dan Stav İsrail ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişaf etdiyini söyləyib, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi barədə fikirlərini bildirib. O, Lənkəranın kənd təsərrüfatı, elm, təhsil və turizm sahəsindəki potensialı ilə, o cümlədən rayona xarici investorların cəlb edilməsi istiqamətində görülən tədbirlərlə maraqlanıb.
Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Lənkərana səfəri çərçivəsində səfir Dan Stav Heydər Əliyev Mərkəzində, Tarix-Diyarşünaslıq Muzeyində, Müalicə-Diaqnostika Mərkəzində, “Nur-Süd” Palmali süd emalı və Lənkəran konserv zavodlarında olub, “Yaşıl çay” fermer təsərrüfatında çay plantasiyası, Sütəmurdov kəndi ərazisində yeni salınmış sitrus plantasiyası və Hirkan Milli Parkı ilə tanış olub.