REGİONLAR
İsrailin Azərbaycandakı səfiri Lerik və Astara rayonlarında olub
Astara, 7 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 7-də İsrailin ölkəmizdəki səfiri Dan Stav cənub bölgəsinə səfəri çərçivəsində Lerik və Astara rayonlarında olub.
AZƏRTAC xəbər verir ki, səfir Dan Stav əvvəlcə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla görüşüb. Görüşdə israilli diplomata rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verilib, həmçinin aqrar bölmənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, rayonun turizm potensialı və tikinti-quruculuq işləri diqqətə çatdırılıb.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən səfir Dan Stav Azərbaycandakı sosial-iqtisadi inkişafın onda xoş təəssürat oyatdığını bildirib. Paytaxtla yanaşı, regionların da inkişaf etdiyini deyən səfir Lerikin füsunkar təbiətinin insanda xoş əhval-ruhiyyə yaratdığını vurğulayıb.
Səfər çərçivəsində qonaqlar “Uzunömürlülər” və rayon Tarix-Diyarşünaslıq muzeylərində nümayiş etdirilən eksponatlar, rayonun bir sıra tarixi və mədəni abidələri, eləcə də Zuvand ərazisində təbiət mənzərələri, “Xəyyam-E” MMC-nin arıçılıq təsərrüfatı ilə yaxından tanış olub.
Günün ikinci yarısında səfir Dan Stav Astara rayonuna gəlib. Astara Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev israilli diplomata rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında, eləcə də reallaşdırılan bir sıra layihələr barədə ətraflı məlumat verib.
Səmimi görüşə görə minnətdarlığını bildirən Dan Stav Astaranın kənd təsərrüfatı və turizm sahəsində böyük potensiala malik olduğunu və bu potensialdan səmərəli istifadənin önəmini vurğulayıb.
Görüşdə heyvandarlıq, balıqçılıq və sitrusçuluq sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfir Dan Stav Astara şəhərində Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi və “Astaraçay” MMC-nin çay fabriki, “Çay muzeyi” və çay plantasiyası ilə də tanış olub.