SİYASƏT


İsrailin Doqquzuncu telekanalı Azərbaycanın Müstəqillik Günü haqqında VİDEO

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC 

Bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümüdür. Bu əlamətdar gün Azərbaycan xalqının həyatına böyük tarixi gün kimi daxil olub. Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideridir. Azərbaycan istər Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazda çox mühüm geosiyasi amildir. Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin başçısı, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut oktyabrın 18-də İsrailin Doqquzuncu televiziya kanalının populyar “Günün qəhrəmanı” proqramına müsahibəsində söyləyib.

Arye Qut telekanala müsahibəsində qeyd edib ki, Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideri kimi Azərbaycan cəmi 25 il ərzində irimiqyaslı beynəlxalq neft, qaz və nəqliyyat layihələri həyata keçirib, böyük uğurlara və tərəqqiyə nail olub. İsrailli ekspert deyib: “Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsində mühüm geosiyasi və geoiqtisadi mərkəz rolu oynayıb. İsrail Azərbaycan neftini bu kəmər vasitəsilə alır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi də daha bir çox perspektivli layihədir. Başqa sözlə desək, bu gün Cənubi Qafqazda Azərbaycanın iştirakı olmadan heç bir geosiyasi və geoiqtisadi layihə həyata keçirmək mümkün deyil”.

A.Qut vurğulayıb ki, Azərbaycan artıq uzun illərdir ərazisinin 20 faizini işğal etmiş Ermənistan ilə müharibə vəziyyətindədir və bu təcavüz nəticəsində hazırda Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var. Ekspert deyib: “Ermənistan ilə silahlı münaqişəyə baxmayaraq, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsidir. Azərbaycanın yəhudi icması bu dialoqda mühüm inteqrasiyaedici rol oynayır. Bu gün istər millətlərarası, istərsə də dinlərarası münaqişələrin alovlandığı bu təlatümlü dünyamızda Azərbaycan bütün konfessiyaların dinc yanaşı yaşadığı sabitlik və əmin-amanlıq adasıdır. Bütün dünya aydın şəkildə görür ki, Azərbaycan bu ölkənin cəmiyyətinin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti yürüdür. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına sözün həqiqi mənasında diqqət və qayğıkeşliklə yanaşır, səmimi münasibət bəsləyir ki, bunun da dünyada presedenti yoxdur. Biz, əslən Azərbaycandan olan yəhudilər fəxr edirik ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb və yəhudilər heç vaxt özlərini əcnəbi kimi hiss etməyiblər”.

Müasir Azərbaycanın çox praqmatik və tarazlaşdırılmış xarici siyasət yürütdüyünü vurğulayan israilli ekspert deyib: “Azərbaycan çox mürəkkəb geosiyasi əhatədə yerləşir. Azərbaycanın Türkiyə ilə strateji xarakter daşıyan qardaşlıq münasibətləri, İran və Rusiya ilə etimada söykənən yaxşı münasibətləri var. Azərbaycanın bu çoxşaxəli xarici siyasət konsepsiyasında İsrailin də xüsusi yeri var. Bu, həm gözəl siyasi münasibətlər, həm də ciddi iqtisadi əlaqələr ola bilər, amma İsrail-Azərbaycan münasibətlərində ən başlıcası, bu münasibətlərin çox mühüm tərkib hissəsi insan amilidir, mən deyərdim ki, bu, ikitərəfli münasibətlərdə əsas körpülərdən biridir. Azərbaycan və yəhudi xalqlarının qarşılıqlı münasibətlərinin uzun sürən zəngin tarixi var. Yəhudi icması Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir. Azərbaycan sabitlik, multikulturalizm və tolerantlıq adasıdır”.

A.Qut deyib: “İnkaredilməz faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibətləri yoxdur. Binyamin Netanyahu tarixi nöqteyi-nəzərdən İsrailin Azərbaycana səfər etmiş ilk və hələlik yeganə Baş naziridir. İsrailin o vaxtkı və indiki Baş naziri Binyamin Netanyahu 1998-ci ilin avqustunda Bakıya gecə saatlarında qısamüddətli tarixi səfər edib. Bu səfər Azərbaycanın yeni diplomatiya tarixində nadir hadisələrdən biri olub ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev əcnəbi lideri gecədən xeyli keçmiş qəbul edib. İsrailin 9-cu Prezidenti Şimon Peres 2009-cu ilin mayında Azərbaycana tarixi dövlət səfəri edib”.

A.Qut müsahibəsinin sonunda Azərbaycandakı yəhudi icmasına qayğıkeş və mehriban münasibətinə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edərək fikrini belə yekunlaşdırıb: “Bu gün Azərbaycanda 25 minlik yəhudi icması yaşayır. Paytaxtın mərkəzində yeni sinaqoqlar və Cənubi Qafqazda yəhudi uşaqlar ən böyük təhsil mərkəzi inşa edilib. Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin sıx yaşadığı yeganə unikal yerdir, Azərbaycanın fəxridir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayır, onları ümumi tale birləşdirir”.

Arye Qut Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə “Günün qəhrəmanı” verilişinin aparıcısı Vladimir Rav-Tsiona özünün və atası Amir Qutun müəllifi olduqları “Ağrı” romanını bağışlayıb. Bu roman 1992-ci ildə erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində törətdikləri dəhşətli soyqırımına həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.