MƏDƏNİYYƏT
İsrailin Gənc Tamaşaçılar Teatrı Bakı səhnəsində çıxış edəcək
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov israilli həmkarı, İsrail Gənc Tamaşaçılar Teatrının direktoru və aktyoru Şaul Tiktinerlə görüşüb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-İsrail teatr əlaqələri və iki teatr truppasının iştirakı ilə yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Həmçinin İsrail Gənc Tamaşaçılar Teatrının yeni mövsümdə Azərbaycana səfər edərək, Gənc Tamaşaçılar Teatrında çıxış etməsi barədə razılıq əldə olunub.
M.Həmidov qeyd edib ki, İsrailin Tel-Əviv şəhərində fəaliyyət göstərən Gənc Tamaşaçılar Teatrı ilə yaradıcılıq əlaqələri qurmaqda maraqlıdırlar: “Çünki biz müxtəlif ölkələrdə beynəlxalq festivallarda iştirak edərkən israilli həmkarlarımızla tanışlığımız olub. Onlar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, onun repertuarı haqqında məlumatlıdırlar və bizimlə yaradıcılıq əməkdaşlığı etmək arzusundadırlar. Bu, bizim israilli həmkarlarımızla ilk beynəlxalq layihəmiz olacaq. Ümid edirəm ki, bu layihəni də uğurla həyata keçirəcəyik”.
Danışıqlardan əldə olunan razılığa əsasən İsrail Gənc Tamaşaçılar Teatrı yeni teatr mövsümündə Azərbaycanın Gənc Tamaşaçılar Teatrının səhnəsində “Bremen musiqiçiləri” və “Balaca şahzadə” tamaşaları ilə çıxış edəcək, daha sonra isə Gənc Tamaşaçılar Teatrının kollektivi Tel-Əvivə səfər edəcək.