ELM VƏ TƏHSİL
İsrailin ölkəmizdəki səfiri Azərbaycan Milli Elmlər Akademiyasında olub
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə akademik A.Əlizadə iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq və dostluq münasibətlərindən, həmçinin İsrailə səfərindən danışıb. O, bildirib ki, cari ilin fevralında bu ölkəyə səfəri zamanı İsrail Təbiət və Humanitar Elmlər Akademiyası, Qüds Universiteti, Təl-Əviv Universiteti, eləcə də digər elm və təhsil müəssisələrində keçirilən görüşlər onda xoş təəssürat yaradıb.
Azərbaycanda elm və təhsilin inteqrasiyası, həmçinin elmi-innovativ layihələr barədə məlumat verən akademik A.Əlizadə bu istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Səfir R.Harpaz səmimi görüşə və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə AMEA-nın rəhbərinə təşəkkürünü bildirib. Diplomat İsrailin elm və təhsilin inkişafında qazandığı uğurlar, həmçinin elmi-tədqiqat imkanları və elmi-biznes mühiti haqqında məlumat verib.
Görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı, müştərək elmi tədqiqatların təkmilləşdirilməsi istiqamətində hazırkı imkanlar və azərbaycanlı tələbələr üçün İsrail universitetlərində təqaüd proqramları müzakirə edilib.
Sonda R.Harpaz Azərbaycan alimlərindən ibarət nümayəndə heyətini bu ilin avqustunda İsraildə təşkil olunacaq Dünya Elm Konfransına dəvət edib.