MƏDƏNİYYƏT
İsrailli gənc ifaçılar Bakıda konsert verib
Bakı, 5 sentyabr, Flora Şükürova, AZƏRTAC
Sentyabrın 5-də Azərbaycan və İsrail arasında qarşılıqlı mədəni əlaqələrin inkişafı məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi və “Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə gənc ifaçılar- Miriyam Hacıyeva və Yadid Şvarçın konserti olub.
AZƏRTAC xəbər verir ki, Milli İncəsənət Muzeyində baş tutan tədbirdə İsrailin Bakıdakı səfiri Dan Stav, “Azİz” assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanlı, “Azİz” Assosiasiyasının ölkəmizdəki nümayəndəsi Vahid Bayramov və digər qonaqlar iştirak edib.
Muzeyin 80 illik yubileyi çərçivəsində baş tutan konsertdə Yeganə Salmanlı çıxış edərək qonaqları salamlayıb və konsertin əhəmiyyətindən söz açıb. Bildirilib ki, belə tədbirlərin təşkili İsrail ilə Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafına müsbət təsir göstərir.
Digər sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində qarşılıqlı əlaqələrin inkişafının vacibliyini qeyd edən Y.Salman bu istiqamətdə bundan sonra da çoxlu işlər görüləcəyini vurğulayıb.
Daha sonra dünya bəstəkarları-Cakoma Puççininin “Bohema” operası, Musettanın “Quando m'en vo” ariyası, L.Bethovenin “Beşinci sonatası”, Motsartın “Hökmdar çoban” operasından Amintanın “L’amero, saro costante” ariyası, Ş.Qunonun “Romeo və Culyetta” operasından Culyettanın “Je veux vivre” ariyası, L.Delibin “Les filles de Cadix” vokal əsəri, S.Raxmaninovun “Zdes xoroşo” və “Ne poy krasavitsa pri mne” romansları, Nikolay Rimski-Korsakovun “Plenivşis rozoy solovey” romansı, R.Ştrausun “Morgen” və “Cacilie” əsərləri, F.Kreyslerin “Liebesfreud” və “Liebesleid”, “Şon Razmarin” pyesləri və Niyazinin “Arzu” romansı səslənib. Konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, dünyanın bir sıra musiqi festivallarında iştirak edən Miriyam Hacıyeva və Yadid Şvarç bir çox uğurlara imza atıb. Hazırda İsraildə yaşayan bu iki gənc ifaçı Almaniya, Fransa, İtaliya və ABŞ-da keçirilən master-klasslarda, konsertlərdə solist və orkestrant kimi çıxış ediblər.