ELM VƏ TEXNOLOGİYA


İsrailli nümayəndələr AMEA-nın Botanika İnstitutunda və Mərkəzi Nəbatat Bağında olublar

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

İsrailin Təbiət və Humanitar Elmlər Akademiyasının icraçı direktoru Meir Zadok, Veyzman İnstitutunun professoru Rut Arnon Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının (MNB) qonağı olublar.

MNB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə rəhbərlik etdiyi qurumun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında məlumat verib.

Qonaqlar bitki ehtiyatları şöbəsində aparılan elmi-tədqiqat işləri ilə tanış olub, Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin toplanması, hazırlanması, saxlanma şəraiti və Avropa Məlumat Bazasına daxil edilməsi üzrə aparılan müasir istiqamətli işlərlə xüsusi maraqlanıblar. Azərbaycanda yayılan dərman bitkilərinin növlərinə dair hazırlanmış elektron-məlumat bazasında dərman bitkilərinin növ tərkibində və dinamikasındakı dəyişiklikləri təhlil etməyə və ümumiləşdirməyə imkan verən 26 müxtəlif parametr qonaqların xüsusi marağına səbəb olub.

M.Zadok Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının müasir vəziyyətini, əməkdaşlığın perspektivlərini yüksək dəyərləndirib, kadr və təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.