CƏMİYYƏT


İşsizlərə yeni peşələr öyrədilir

Bakı, 25 may, AZƏRTAC

Dövlət məşğulluq strategiyası və ayrı-ayrı dövlət proqramlarında peşə-ixtisas təlimi sisteminin təşkili iqtisadi inkişafın əsas prioritetlərindən biri kimi müəyyən olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti də ölkədə mövcud olan işçi qüvvəsinin əmək qabiliyyətini iqtisadiyyatın tələblərinə uyğun formalaşdırmağa yönəldilib. Əmək potensialının iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi inkişaf konsepsiyasının vacib elementlərindən biridir. Dövlət Məşğulluq Xidmətinin Bakı Regional Peşə Tədris Mərkəzində bu il müxtəlif peşə kurslarına 664 nəfər cəlb olunub və burada yaradılan şərait, peşə təlimi üzrə sinif otaqları və emalatxanalar həmin tələblərə uyğun təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Regional Peşə Tədris Mərkəzinin rəhbəri Nazim Eminov AZƏRTAC-ın müxbirinə müsahibəsində bu barədə məlumat verib. O, işsiz və işaxtaranların əmək bazarına çıxışının təmin olunmasında peşə hazırlığının əhəmiyyətini qeyd edərək, Bakı Regional Peşə Tədris Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində görülən işlərin nəticələrindən danışıb. Onun dediyinə görə, mərkəzdə ildə 2 minədək şəxsin peşə hazırlığı keçməsi mümkündür.

N.Eminov qeyd edib ki, sinif otaqları və emalatxanalar peşə təlimi, peşələrin praktik şəkildə öyrədilməsi üçün lazımi texniki və tədris vəsaitləri ilə təmin olunub. Mərkəzdə ənənəvi təlim üsulları ilə yanaşı, modul təlim texnologiyası da tətbiq olunması işaxtaranların daha müasir üsulla və qısa zamanda yeni peşələrə yiyələnməsinə və əmək bazarına daxil olmasına imkan verir. Mərkəzdə kompüter mühasibatlığı (1C proqramı üzrə), əməliyyatçı mühasib, kompüter texnikasının təmiri, ingilis dili, elektrik, qaynaqçı, avtomobillərin təmiri üzrə çilingər, quraşdırıcı çilingər, plastik materiallardan məmulatların hazırlanması, bərbər, qənnadçı, aşbaz və digər peşələr üzrə yeni sinif otaqları, emalatxanalar fəaliyyət göstərir. Bundan başqa yardımçı xidmət otaqlarında da ayrı-ayrı peşələr üzrə təlimlər aparılır.

Mərkəzin rəhbəri bildirib ki, Bakı Regional Peşə Tədris Mərkəzi 2007-ci il mayın 10-da fəaliyyətə başlayıb. Əmək bazarının mövcud tələblərini nəzərə alaraq işaxtaran və işsiz vətəndaşları münasib işlə təmin etmək məqsədi ilə onların peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarına cəlb olunmaları mühüm əhəmiyyət kəsb edir. Regional Peşə Tədris Mərkəzində müdavimlər üçün hər cür şərait yaradılıb. Tədris Mərkəzində Beynəlxalq Əmək Təşkilatının Modul Təlim Sistemi proqramları ilə yanaşı ənənəvi tədris proqramları ilə də kurslar aparılır. “Kursların iştirakçıları aylıq müavinət, mərkəzə gəliş-gediş üçün yol pulu alırlar. Müxtəlif sosial qrupların nümayəndələri olan müdavimlərə kursu bitirəndən sonra imtahanın nəticələrinə əsasən sertifikatlar veriləcək”,- deyə mərkəzin rəhbəri əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.